Bakının Şüvəlan qəsəbəsində dini toy karvanı təşkil edənlər cərimələnib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, toy karvanında iştirak edən 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, protokollar tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Onlardan 14 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə, 3 nəfər barəsində isə 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib olunub.
Toy təşkilatçıları olan Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılaraq barələrində cinayət işi başlanılıb.
Oktyabrın 24-də Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.