Göyçay rayonunda görünməmiş cinayət hadisəsi baş verib. Fərdi yaşayış evinin divarları dağıdılıb, pəncərələri, döşəməsi, pilləkəni sökülərək oğurlanıb, mənzildəki divan, soyuducu, televizor aparılıb.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Hacalıkənd kəndində baş verib. Kənd sakini, Azərbaycan Pedaqoji Universitetinin ikinci kurs tələbəsi Hümbətova Süsən Vaqif qızı bu günlərdə Bakıdan doğma evinə qayıdarkən bu acınacaqlı vəziyyətlə qarşılaşıb. Hər iki valideyni vəfat edən Süsən Hümbətova dayısının qəyyumluğu ilə böyüyüb və hazırda onun 20 yaşı olduğu üçün ayrı yaşamağa evi yoxdur.
Süsən Hümbətova bildirib ki, yaşadığı evin yanından keçən Hacalıkənd-Qaraman-Ləkçıplaq avtomobil yoluna asfalt döşənərkən ərazidə genişləndirmə işləri görülüb, həyətyanı sahənin çəpəri texnika ilə dağıdılıb, tikinti işlərindən sonra həyətin kənarı açıq saxlanılıb. Bu səbəbdən naməlum şəxslər rahat şəkildə evə daxil olaraq mənzildəki əşyaları oğurlayıblar. Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular hətta mənzilin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini də söküb aparıblar. Neçə gündür ki, çəpəri olmayan bu həyətdə kənd sakinlərinin mal-qarası otladığı üçün meyvə bağı da tələf olub. Süsən Hümbətova Bakıda valideyni olmayan tələbələrin yataqxanasında qaldığını, dərs olmadığı üçün Göyçaya qayıtdığını, lakin dağıdılmış evində yaşamaq üçün heç bir şərait olmadığını bildirib. O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə və Göyçay rayon İcra Hakimiyyətinə müraciət etdiyini bildirib. Tələbə qız onun evini dağıdaraq talan edən şəxslərin cəzalandırılmasını, ona evində yaşamaq üçün şərait yaradılmasını istəyir.
Məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Süsən Hümbətovanın müraciəti əsasında polis əməkdaşları həmin evə və həyətyanı sahəyə baxış keçirib, qızın izahatı alınıb, araşdırma aparılır. Rayon icra hakimiyyətindən verilən məlumata görə Süsən Hümbətova bu gün rayon rəhbəri Mehdi Səlimzadəniin qəbulunda olub, evə baxış üçün nümayəndələr göndərilib, məsələ araşdırılır.
Şahnəzər Bəşirov