Avstriya və İsveçrədən olan alimlər belə nəticəyə gəliblər ki, hazırda Yerin fırlanma sürəti görünməmiş templə yavaşıyır.
Lent.az xəbər verir ki, Vyana Universiteti və Sürix Ali Texniki Məktəbinin tədqiqatçıları planetin fırlanma sürətinin uzaq keçmişdə necə dəyişdiyini araşdırmaq qərarına gəliblər. Bunun üçün onlar okean dibində yaşamış birhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarını təhlil ediblər.
Bu qalıqların kimyəvi tərkibi əsasında qədim dövrlərdə dəniz səviyyəsində baş verən dəyişiklikləri müəyyən etmək, daha sonra isə həmin göstəricilərdən istifadə edərək Yer kürəsinin fırlanma sürətindəki dəyişiklikləri hesablamaq mümkün olub.
Araşdırma nəticəsində məlum olub ki, son 3,6 milyon il ərzində Yer heç vaxt indiki qədər yavaş sürətlə fırlanmayıb.
Mütəxəssislər bu hadisəni iqlim dəyişiklikləri nəticəsində qütb buzlaqlarının əriməsi ilə əlaqələndirirlər. Yüksək enliklərdə ərimiş buz suları okeanlara axaraq ekvatora daha yaxın ərazilərdə yenidən paylanır. Bu isə planetin kütləsinin qütblərdən uzaqlaşmasına və nəticədə Yer kürəsinin fırlanma sürətinin dəyişməsinə səbəb olur.