Yunanıstanın Hios adasında 800 nəfər qaçqın düşərgəsindən qaçıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 500-dək nəfər günorta, azı 300 nəfər isə axşam saatlarında düşərgəni icazəsiz tərk edib.
Qeyd olunur ki, miqrantlar Pirey limanına yollanan bərəyə minmək niyyətində olublar. Martın 31-də qaçqınlar düşərgədə etiraz aksiyaları keçirib.
Avropa İttifaqına üzv ölkələrin liderləri martın 18-də Türkiyə ilə miqrasiya sazişi imzalayıblar. Sazişə əsasən Yunanıstana keçən bütün qeyri-leqal miqrantlar geri qaytarılmalıdır. Martın 20-dən başlayaraq Egey dənizi ilə Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılır.