Ötən gün Azərbaycanda fəaliyyət göstərən, aktyorluq kursu təşkil edən “Devin Media” ilə bağlı hüquqşünas Xəyal Məmmədov Lent.az-a açıqlama verib.
Hüquqşünas əvvəllər əməkdaşı olduğu “Devin Media” ilə bağlı bir sıra iddialar səsləndirib.
“Devin Media” Lent.az-a barələrində səslənən iddiaları təkzib edib:
“Devin Media” ilə bağlı hər hansı polis bölməsinə və ya məhkəməyə çatmış bir şikayət yoxdur. Bizim yanımızda hüquqşünas kimi çalışan bir nəfər var idi, sonradan onun saxta hüquqşünas olduğu ortaya çıxdı. Onu işdən çıxardıqdan bizim əleyhimizə bəzi tələbələrimizin dilindən şikayətlər paylaşır, jurnalistlərə məlumat verir. O, saxta e-maillər, yazışmalar, “Instagram” hesabları yaradıb. Biz bu məsələ ilə bağlı təxminən 15-20 gün əvvəl təkzib də yayımlamışıq.
Aktyorluq kursu adı altında təhsil verilməsi ilə bağlı şikayət məsələsinə gəlincə, şikayətçilər arasında aktyorluq kursuna yazılan bir neçə nəfər var. Onlar kursu yarımçıq qoyublar, sertifikatlarını almayıblar. Onların şikayətləri bir qədər qəribədir. Çünki ortada onların imzaladığı bir müqavilə var. Şifahi olaraq “mən gəldim, qeydiyyatdan keçdim, kursa getdim, aktyorluğu öyrənə bilmədim, buna görə də pulumu qaytarın” deyə bilməzlər. Belə bir şey mümkün deyil. Bu, dil kursuna gedib, orada dili öyrənə bilmədiyiniz üçün pulunuzu geri tələb etməyə bənzəyir. Bura kursdur. Bundan başqa, hər şeyimiz qanuni şəkildə qeydiyyatdadır. “Türkiyəyə göndərəcəyik” deyə bir vəd verməmişik onlara. Bunu sübut etməlidirlər.
“Devin Media” Azərbaycanda qurulmuş “Devin Film” MMC-dir. Layihələri də buradadır. Keçən il “Dar küçələr” çəkilib, ATV-də yayımlanıb. Hazırda “Yaddaş” çəkilir, dördüncü bölümü bitmək üzrədir.
“Devin Media” Türkiyəyə tələbə göndərmir, Türkiyədən də bura aktyor gətirmir. Sadəcə Azərbaycanda fəaliyyət göstərən bir şirkətdir. Ona görə də heç kimə “səni Türkiyəyə aparacağıq” deyə söz verməmişik.
Bəzən mediada klik naminə belə xəbərlər hazırlanır, sonra isə təkzib yayımlamaq məcburiyyətində qalırlar. Mən əvvəlcədən media şirkətlərinə deyirəm ki, açıqlamalarımızı oxuyun. Oxuduqdan sonra iddialarla bağlı xəbər hazırlamaq istəyirsinizsə, jurnalistika qanunlarına uyğun olaraq bunu iddia formasında təqdim edə bilərsiniz. Pərviz bəy çox dəyərli müəllimimizdir. Aytaç xanım da pedaqoqdur, kollecdə çalışır. Məmməd Səfa da müəllimlərimizdən biridir, professordur”.
Burada bir də aktyor kouçumuz var. Yəqin onu nəzərdə tuturlar. O, müəllim deyil. Sadəcə məşqlərə aktyor kouçu kimi qatılır. Burada hər gün pulsuz məşqlərimiz olur. O, bunu ödəniş qarşılığında etmir. Tələbələrə necə yerimək, necə danışmaq lazım olduğunu göstərir, aktyor kouçluğu edir. Yəni müəllim deyil.