Avropa siyasi mühacirləri deportasiya edir? - VƏKİL DANIŞDI
21 avqust 2026 17:00 (UTC +04:00)

Avropa siyasi mühacirləri deportasiya edir? - VƏKİL DANIŞDI

0

Son vaxtlar sosial mediada Avropada yaşayan siyasi mühacirlərin deportasiya oluna biləcəkləri ilə bağlı fikirlər dolaşır.

Avropada yaşayan bəzi şəxslər iddia edirlər ki, sığınacaq aldıqdan sonra siyasi fəaliyyətlə məşğul olmayan şəxslər öz ölkələrinə deport ediləcəklər.

Bəs görəsən, beynəlxalq hüquqda bu mümkündürmü? Siyasi mühacirlər deportasiya oluna bilərlərmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, vəkil Xəyal Bəşirov Lent.az-a açıqlamasında bildirib ki, əgər şəxs həqiqətən də öz ölkəsində təqiblərə məruz qalıbsa və ölkəsini tərk edərək başqa bir Avropa dövlətindən siyasi sığınacaq alıbsa, sonradan siyasi fəaliyyətini davam etdirməyə bilər:

“Beynəlxalq hüquqda və Avropa qanunvericiliyində nəzərdə tutulub ki, şəxsə siyasi sığınacaq verilməsi üçün  əsas şərtlərdən biri onun siyasi baxışlarına və ya fəaliyyətinə görə öz ölkəsində təqiblərə məruz qalmasıdır.

Şəxs siyasi sığınacaq aldıqdan sonra onun siyasi fəaliyyət göstərib-göstərməməsi o qədər də ciddi əhəmiyyət daşımır. Əgər həmin şəxs həqiqətən də öz ölkəsində təqiblərə məruz qalıbsa və ölkəsini tərk edərək başqa bir Avropa dövlətindən siyasi sığınacaq alıbsa, sonradan siyasi fəaliyyətini davam etdirməyə də bilər. O, sadəcə təqiblərdən qaçmaq üçün həmin Avropa ölkəsində qala bilər.

Azərbaycandan siyasi sığınacaq adı ilə xaricə gedən şəxslərin bir çoxu ilə bağlı zaman-zaman müxtəlif məlumatlar yayılıb. Bəzi partiyaların həmin şəxslərə siyasi sığınacaq almaları üçün qanunsuz sənədlər verdiyi, bunun isə pul müqabilində həyata keçirildiyi iddia olunub.

Belə hallar varsa, təbii ki, bu məsələ təkcə Avropada deyil, bütün dünya dövlətlərində ciddi araşdırılmalıdır. Yalan görüntü yaradaraq onun arxasında siyasi sığınacaq qazanmaq həm beynəlxalq hüquqa, həm də ölkələrin daxili qanunvericiliyinə ziddir.

Öz ölkəsində ümumiyyətlə siyasi fəaliyyəti olmayan, heç bir təqibə məruz qalmayan, sadəcə ölkədən getmək, Avropada oturum və ya siyasi sığınacaq almaq məqsədilə belə bir görüntü yaradan şəxslərin hərəkətləri Avropa dövlətləri tərəfindən də düzgün qəbul edilmir. Avropa qanunları bunu qanunsuz və hüquqa zidd əməl hesab edir. Belə şəxslərlə bağlı müəyyən tədbirlərin görülməsi mümkündür”.

Vəkil qeyd edib ki, Avropada miqrantlara qarşı ciddi reaksiya var:

“Hazırda Avropada miqrantlara qarşı həm nəzəri, həm qanunvericilik, həm də praktiki baxımdan ciddi reaksiya var. Avropada genofondun dəyişməsi ilə bağlı narahatlıq yaşanır. Bu dəyişikliyə səbəb olan əsas amillərdən biri kimi miqrantlar göstərilir.

Ərəb ölkələrindən çoxlu sayda miqrant Avropaya axın edib. Rusiya-Ukrayna müharibəsinə görə Ukraynadan, eləcə də postsovet ölkələrindən və Afrikadan Avropaya miqrant axını mövcuddur. Bu axınların qarşısını inzibati resurslarla tam şəkildə almaq mümkün deyil.

Ona görə də bu prosesin tərkib hissəsi kimi bəzi partiyalar və ayrı-ayrı şəxslər petisiyalar hazırlayırlar. Məqsəd Avropa dövlətlərinə və Avropa İttifaqına təsir göstərərək miqrasiya məsələsində müəyyən addımların atılmasına nail olmaqdır.

Hər bir halda Azərbaycandan Avropaya gedərək orada Azərbaycana qarşı müxtəlif formalarda fəaliyyət göstərən, hüquqi, qanuni və mənəvi dəyərlərlə uyuşmayan addımlar atan şəxslər də bu prosesə cəlb oluna bilərlər. Çünki onların bir çoxu dezinformasiya yayır, anti-Azərbaycan mövqeyi nümayiş etdirir və müəyyən qüvvələrin maraqlarına xidmət edir.

Həmin şəxslərin fəaliyyəti araşdırıla bilər. Müəyyənləşdirilməlidir ki, onlar Azərbaycanda həqiqətən siyasi təqiblərə məruz qalıblar, yoxsa yox. Onların ciddi siyasi fəaliyyətlə məşğul olub-olmadıqları da araşdırılmalıdır. Bu həm Avropa, həm də həmin şəxslərin vətəndaşı olduqları dövlətlər üçün faydalı olardı.

Əlbəttə, bəzi şəxslər həqiqətən siyasi fəaliyyətlə məşğul ola bilərlər. Lakin onların siyasi fəaliyyət göstərməsi və sonradan Avropaya getməsi avtomatik olaraq siyasi təqiblərə məruz qaldıqları anlamına gəlmir.

Belə şəxslərlə bağlı prosesin həyata keçirilməsi bir qədər çətin ola bilər. Çünki onların siyasi keçmişi varsa, sonradan bunu müəyyən formada təqdim edə bilərlər. Ancaq ümumiyyətlə siyasi keçmişi olmayan, Azərbaycanda yaşadığı dövrdə yalnız hansısa şəxslə qarşıdurması olan və ya Avropanı cənnət hesab edərək orada oturum almaq məqsədilə ölkəsinə qarşı hər cür dezinformasiya yayan şəxslərlə bağlı belə tədbirlərin görülməsi daha məqsədəuyğun olardı”, -deyə o, fikrini yekunlaşdırıb.

Hüquqşünas Ruslan Mustafayev isə Lent.az-a açıqlamasında qeyd edib ki, bəzi şəxslərin yalnız siyasi fəaliyyət görüntüsü yaradaraq, saxta sənədlər və məlumatlar təqdim etməklə Avropa ölkələrindən birində sığınacaq almağa çalışdıqları müəyyən edilib:

Hüquqşünas: "Vərəsəlik institutu qanunvericilikdə kifayət qədər böyük həcmə  malik olan hissəni tutur"

"Avropa ölkələrində qaçqın statusunun verilməsi üçün müəyyən əsaslar və səbəblər olmalıdır. Şəxs hər hansı Avropa ölkəsində qaçqın statusu almaq üçün müraciət etdiyi zaman öz ölkəsinə qayıtmasının onun üçün təhlükəli olduğunu sübut etməlidir.

Bu, həm siyasi fəaliyyətlə, həm də başqa əsaslar və səbəblərlə bağlı ola bilər. Avropada siyasi sığınacaq alan şəxslərin əksəriyyətinin, demək olar ki, hamısının müraciətləri siyasi məsələlərlə əlaqəlidir.

Həmin şəxslər Avropa ölkələrindən birinə gedərək müvafiq qurumlara müraciət edir, siyasi fəaliyyətlərinə görə öz ölkələrində sıxışdırıldıqlarını, təhlükədə olduqlarını sübut edən əsaslar irəli sürürlər.

Müvafiq qurumlar təqdim edilən sübutları və halları araşdıraraq qərar qəbul edir. Yəni şəxsin həqiqətən təhlükədə olub-olmaması müəyyənləşdirilir. Əgər şəxsin təhlükədə olduğu təsdiqlənərsə, ona siyasi sığınacaq verilir.

Bəzi Avropa ölkələrində siyasi sığınacaq verildikdən sonra məsələ ilə bağlı yenidən araşdırma aparılması mümkündür. Müvafiq qurumlar müəyyən müddətdən sonra həmin şəxslərin müraciət zamanı qeyd etdikləri fəaliyyətləri davam etdirib-etdirmədiklərini araşdıra bilərlər.

Bir müddət əvvəl siyasi sığınacaq üçün Avropa ölkələrindən birinə müraciət edən şəxslər arasında əslində siyasi fəaliyyətlə məşğul olmayanlar da olub. Bəzi şəxslərin yalnız siyasi fəaliyyət görüntüsü yaradaraq, saxta sənədlər və məlumatlar təqdim etməklə Avropa ölkələrindən birində sığınacaq almağa çalışdıqları müəyyən edilib. Bu da həmin qurumlara əsas verir ki, digər müraciət edən şəxslərin əvvəlki müraciətlərini və hazırkı vəziyyətlərini yenidən araşdırsınlar.

Təbii ki, hüquqi baxımdan mümkündür ki, şəxs müraciət etdiyi dövrdə sıx siyasi fəaliyyətlə məşğul olduğunu təsdiqləyən sübutlar təqdim etsin, lakin hazırda həmin fəaliyyəti davam etdirməsin.

Belə olan halda şübhə yarana bilər ki, həmin şəxs siyasi sığınacaq almaq məqsədilə bu fəaliyyətlə məşğul olub və ya siyasi fəaliyyət görüntüsü yaradıb.

Əlbəttə, şəxs sübut edə bilər ki, artıq siyasi fəaliyyətlə məşğul olmaq imkanları yoxdur. Bununla bağlı əsaslar və sübutlar təqdim edərsə, müvafiq qurum hesab edə bilər ki, şəxs əvvəl siyasi fəaliyyətlə məşğul olub və öz ölkəsində təhlükədə qalıb, lakin hazırda obyektiv səbəblərdən həmin fəaliyyəti davam etdirə bilmir.

Ancaq bu, nadir hallarda rast gəlinə biləcək vəziyyətdir. Əsasən müvafiq qurumlar belə hesab edə bilərlər ki, şəxs müraciət edənədək siyasi fəaliyyət göstərdiyini təsdiqləyən sənədlər təqdim edib, lakin sığınacaq aldıqdan sonra həmin fəaliyyəti tamamilə dayandırıb.

Belə olan halda qurum belə qənaətə gələ bilər ki, şəxs müraciət etdiyi zaman yalnız siyasi sığınacaq almaq məqsədilə bu fəaliyyətlə məşğul olub və ya həmin fəaliyyətlə məşğul olduğu görüntüsünü yaradıb.

Bu səbəbdən Avropanın bir çox ölkəsində sığınacaq verən müvafiq qurumların yenidən araşdırma aparması üçün kifayət qədər məlumatın olduğu bildirilir.

Düşünürəm ki, aparılacaq araşdırmaların nəticəsində bir çox şəxsin siyasi sığınacaq statusunun ləğv edilməsi və onların ölkədən deportasiyası ilə bağlı qərarların qəbul olunması mümkündür". 

Qeyd edək ki, Niderlandda sığınacaq axtaran və ölkədə müdafiə statusu almış şəxslərin deportasiyası ilə bağlı sərt təklif parlamentdə səsverməyə çıxarılıb, lakin qəbul edilməyib.

Niderland Hollandiya adından imtina etdi

Niderland parlamentinin (Tweede Kamer) rəsmi məlumatına görə, təklif 26 fevral 2026-cı ildə sağçı FVD partiyasının deputatı Lidewij de Vos və Azadlıq Partiyasının lideri Geert Wilders tərəfindən irəli sürülüb. Sənəd parlamentdə “36 848, №71” nömrəli qətnamə layihəsi kimi qeydə alınıb.

Təklif bütün siyasi mühacirləri və ya bütün qaçqın statusu sahiblərini əhatə etməyib. Sənəddə konkret olaraq ictimai asayişi pozan və cinayət törədən sığınacaq axtaranlardan, eləcə də artıq yaşayış statusu əldə etmiş şəxslərdən söhbət gedib.

De Vos və Wilders bildiriblər ki, Niderlandın bir sıra bələdiyyələri bu kateqoriyadan olan şəxslərin yaratdığı problemlərlə üzləşir. Təklif müəlliflərinin mövqeyinə görə, belə şəxslərin davranışı yaşayış icazəsinin geri götürülməsinə əsas yarada bilər. Onlar hökumətdən bu şəxslərlə bağlı yaşayış icazəsinin ləğvi və ölkədən çıxarılma prosedurlarını intensivləşdirməyi tələb ediblər.

Lakin təşəbbüs parlamentdə lazımi dəstəyi toplaya bilməyib. Səsvermə zamanı 73 deputat təklifin lehinə, 77 deputat isə əleyhinə mövqe tutub və qətnamə rədd edilib.

Maraqlı məqamlardan biri də odur ki, parlamentin rəsmi səhifəsində təklifə hökumət tərəfindən lazımsız olduğu ilə bağlı qiymət verildiyi göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar