“Trabzonspor”un prezidenti Ertuğrul Doğan Məhəmməd Salahın Türkiyə klubuna transferinin necə baş tutduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı misirli ulduzla ikiillik müqavilə imzalanıb. Salahın illik 17 milyon avro qazanacağı, həmçinin üzərində adı olan məhsulların satışından 20 faiz pay alacağı bildirilir.
Doğanın sözlərinə görə, Salah danışıqlar zamanı “Niyə məhz ‘Trabzonspor’u seçməliyəm?” sualını verib. Klub rəhbərliyi ona Trabzon şəhərində futbolçulara göstərilən sevgidən və azarkeşlərin bənzərsiz münasibətindən danışıb.

Tərəflər arasında ilk görüş “Zoom” vasitəsilə keçirilib. Salah Mikonosda istirahətdə olduğu müddətdə danışıqlar davam etdirilib və transfer beş-altı gün ərzində yekunlaşıb.

Futbolçunun müqavilə mərasiminə “Papara Park”da 35 min azarkeş qatılıb. Transferdən sonra ilk dörd-beş gündə satılan mövsümlük biletlər Salahın builki maaşının təxminən 70 faizini qarşılayıb. Klub mövsümlük bilet satışının 30 mini ötəcəyini gözləyir.

“Liverpul”da keçirdiyi doqquz il ərzində Premyer Liqada 191 qol vuran Salah yeni klubunda debütünü “Kasımpaşa” ilə 1:1 hesablı oyunda edib.