BMT Suriyada üsyançıların 400 ton silah satın alması barədə xəbərlərdən narahat olduğunu bəyan edib.
APA-nın məlumatına görə, BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki bildirib ki, təşkilat bu xəbəri dəqiqləşdirmək imkanına malik deyil: “Biz bununla bağlı xəbərləri görmüşük, lakin onu yoxlamaq imkanımız yoxdur. Baş katibin münaqişənin militarizasiyasından narahatlıq keçirməsi mövqeyi yaxşı məlumdur”.
Reurters agentliyi müxalifətdəki mənbəyə istinadən bu günlərdə Fars körfəzi ölkələrindən birinin maliyyə dəstəyi ilə 400 ton silah alınması barədə məlumat yayıb. Bu silah Türkiyə ərazisindən keçməklə 20 yük maşınında Suriyaya göndərilib. Alınmış silahın Suriyanın şimalında üsyançılara paylandığı bildirilir.
Agentlik son həftə ərzində Suriyada üsyançıların silahla təminatının qəflətən artdığını xəbər verir. Ehtimal olunur ki, bu, Dəməşq yaxınlığında kimyəvi silah tətbiqi ehtimalı ilə bağlıdır.