ABŞ-ın Massaçusets General Hospitalında professor Tomas Cervantesin rəhbərlik etdiyi alimlər qoyun qığırdağından süni qulaq yaratmağı bacarıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, alimlər süni qulaq yaratmaq üçün qoyun qığırdaqlarını laboratoriya siçanlarının dərisinin altına yerləşdiriblər.
Eyni zamanda süni qulağın elastikliyini təmin etmək üçün ona inək hüceyrələri əlavə olunub və saçdan istifadə olunmaqla süni qulaq formaya salınıb, ən sonda isə xüsusi slikon vasitəsi ilə maket halına gətirilib. Alimlər hazırda süni qulağın insana köçürülməsinin təmin edilməsi istiqamətində çalışır və süni qulağın insana köçürüləcəyi halda dərinin onu qəbul edəcəyinə inandıqlarını söyləyirlər. Əgər bu mümkün olarsa, mikrotio xəstələrinə (doğuşdan qulaqsız doğulanlar) süni qulaq köçürülməsi sahəsində ciddi irəliləyişlər mümkün olacaq.