Əfqanıstanda 33 il əvvəl itkin düşmüş sovet əsgəri Bəhrəddin Həkimov tapılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, MDB hökumət başçıları yanında beynəlmiləl hərbçilərin işi üzrə Komitənin sədri, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Herat şəhəri yaxınlığındakı 101-ci motoatıcı polkda xidmət etmiş Bəhrəddin Həkimovun elə həmin şəhərdə tapıldığını bildirib.
Əslən Özbəkistanın Səmərqənd vilayətindən olan Bəhrəddin Həkimovun axtarışı bir il ərzində aparılıb. Əfqanların yardımı ilə fevralın 23-də onunla görüş təşkil edilib. İndi özünü Şeyx Abdulla adlandıran Bəhrəddin Həkimov 1980-ci ildə döyüşlərin birində ağır yaralanıb. Yerli ağsaqqallardan biri onu müalicə edib.
Həkimov daha sonra bir əfqan xanımla evlənib. Ancaq həyat yoldaşı vəfat edib. Övladları olmayan Bəhrəddin yarımköçəri həyat sürməyə başlayıb. Üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayan Bəhrəddin Həkimov rus dilini başa düşsə də, demək olar ki, unudub, çox pis danışır.
O da məlum olub ki, Bəhrəddin Həkimov yaralanandan sonra əsəb xəstəliyindən əziyyət çəkməyə başlayıb. Ancaq o, orduya çağırılana qədər yaşadığı yerin və qohumlarının adını söyləyə bilib.