“Bu döyüşdə kimsə öləcəksə, şəhid sayılacaq”
“Hizbullah” Hərəkatının lideri Şeyx Həsən Nəsrullah müxalif Suriya Azadlıq Ordusunu təhdid edib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Şeyx Həsən Nəsrullah Suriya Azadlıq Ordusunun Suriyanın Kuseyr regionunda bir neçə kəndin “Hizbullah” tərəfindən işğal olunması barədə bəyanatının əsassız olduğunu bildirib.
Şeyx Həsən Nəsrullah bu regionun böyük qismində məhz Livan şiələrinin yaşadığını, onların da bir qisminin “Hizbullah” Hərəkatının üzvləri olduğunu söyləyib: “Biz heç vaxt sünnilər yaşayan kəndlərə nəzarət etməyə də cəhd göstərmədik. Əslində hər şey tərsinədir. Son aylar Suriya müxalifəti Livan şiələri yaşayan bir neçə kəndi zəbt edib, onları torpaqlarından qovub, evlərini yandırıb. Həmin kəndlərdən qovulan şiələrin bir qismi Livanın Xermel rayonuna sığınıb, bir qismi də əllərinə silah alaraq öz hüquqlarını və mülkiyyətlərini qorumamağa çalışırlar. Bu, onların hüququdur”.
Şeyx Həsən Nəsrullah bəyan edib ki, Suriyanın Kuseyr regionunda şiələr hələ Suriya və Livan dövlətlərinin əsası qoyulandan və bu dövlətlər arasında sərhədlərin demarkasiyasından 100 il əvvəl də yaşayıblar: “Suriya müxalifəti şiələrin yaşadığı sərhəd kəndlərə nəzarət edir, şiələri qovur, evlərini yandırır. Qalan şiələr döyüşmək məcburiyyətindədir. Onların legitim özünümüdafiə hüquqları var. Bu döyüşdə kim öləcəksə, şəhid sayılacaq. Ancaq bu şiələr mülki şəxslərə hücum etmirlər. Mən Suriyanın həmin regionunda və digər yerlərində yaşayan şiələrin hamısına deyirəm ki, sizin özünümüdafiə hüququnuz var. Lakin hansı dini cərəyana mənsub olmasından asılı olmayaraq, mülki şəxslər münaqişənin bir hissəsi olmamalıdır”.