Səudiyyə Ərəbistanın şahzadəsi əl-Valid bin–Talal məşhur «Forbes» jurnalı ilə əməkdaşlığı dayandırdığı bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, səudiyyə nəslindən olan bu milyader dünyanın varlıları sırasındakı 26-cı yerə etiraz edib.
Şahzadə bu məqsədlə dərginin baş redaktoru Stiven Forbusa məktub yazaraq, reytinq siyahısını tərtib edənləri «obyektiv olmamaqda və qərəzlilik»də qınayıb. O, redaksiyadan tələb edib ki, adını siyahıdan çıxarsınlar.
Mənbələrin xatırlamasına əsasən, o, «Kingdom Holding» şirkətinə məxsus aksiyaların 95 faizinin sahibidir. Bundan başqa «Four Seasons» mehmanxanalar şəbəkəsi, «Citibank» və «News Corp»-un aksiyaları da ona məxsusdur.
«Forbes» onun var-dövlətini 20 milyard dollar olduğunu bildirdiyi halda, «Bloomberg» agentliyi hesab edib ki, şahzadənin varidatı 29 milyard dollardır.
Beləliklə, şahzadə bin-Talal var-dövlətinin bir hissəsinin nəzərə alınmamasına da, özəlliklə Səudiyyə Ərəbistanındakı birjanın aksiyalarının ona məxsus olmasını hesablamadığına görə, «Forbes»-dən inciyib.