Gürcüstan prezidenti özünün konstitusiya hüququndan istifadə edərək hökuməti və parlamenti buraxa bilər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlamentin azlıq deputatlarından Nuqzar Tsiklauri bildirib. Onun sözlərinə görə, Gürcüstan xarici siyasət kursunu dəyişəcəyi, yeni hakimiyyət istənilən post-sovet birliyinə daxil olmaq barədə qərar qəbul edəcəyi halda prezident öz hüququndan o zaman istifadə edə bilər.
“Prezident hökumət və parlamentin buraxılması barədə konstitusiya imkanından və ixtiyarından istifadə etməmək barədə məlumat bildirib. Bu, heç vaxt baş verməyəcək. Lakin ölkədə siyasi yaşam tərzi sülh ilə davam edərsə və ölkənin strateji xarici siyasət kursu dəyişməzsə, amma bir neçə aydan sonra Bidzina İvanişvili hökuməti Gürcüstanı Rusiyanın bir hissəsinə çevirərsə, MDB və Avroasiya Birliyinə və yaxud Rusiyanın dominant rol oynadığı digər post-sovet birliyinə daxil olmaq qərarı qəbul edərsə, bu zaman prezidentin baxışlarını proqnozlaşdırmaq mümkündür.
Bu, ölkənin maraqlarına tam fərqli halda birbaşa xəyanət hesab olunur. Lakin siyasi məqsədlərə və yaxud siyasi dividentlərə çatmaq üçün bizim siyasi gücümüz belə bir hərəkət planlaşdırmır və prezident bu barədə bir neçə dəfə açıq və aydın şəkildə bildirib”- deyə, Tsiklauri qeyd edib.