Rusiyanın Amur vilayətində narkotik maddələr istehsalı ilə məşğul olan mini-zavod aşkarlanıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, istehsal prosesi Oktyabrsk rayonunun Trudovoye kəndi ətrafında yol və yaşayış məntəqələrindən aralıdakı bataqlıqda aparılırmış.
Onun sahibləri diqqəti cəlb etməmək üçün maşını yolda saxlayaraq, mini-zavoda piyada gedirmişlər. Üzəri çətənə kolları ilə örtülən obyektə hətta generatorla işıq da çəkilibmiş. Əməliyyatçılar 120 kq-dan çox çətənə kisəsi, qaz plitələri, narkotik maddələr hazırlamaq üçün qablar, çətənə məhlulunda həll olunmuş 200 litrlik çən, habelə, 200 qramdan çox həşiş yağı aşkarlanıb.
Narkotiklərə Nəzarət İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxslər qismində Tambov rayonunun Novoaleksandrovka kəndinin 2 sakini saxlanılıb. Onlardan biri 1965-ci il təvəllüdlü və 1989-cu ildən Rusiyada yaşayan əslən azərbaycanlıdır. O, əvvəllər ölümlə hədələməyə görə axtarışda olub. Məlum olub ki, bu ilin yayında onun rəfiqəsinin Tatyanovka kəndindəki evində 110 kq marixuana, 7,6 litr həşiş yağı aşkar edilib. İstintaq Azərbaycan vətəndaşına digər ittihamlar da irəli sürüb.