Rusiya Suriyadakı vəziyyətə dair bəyanat qəbul etdi
11 sentyabr 2013 18:44 (UTC +04:00)

Rusiya Suriyadakı vəziyyətə dair bəyanat qəbul etdi

Rusiya Dövlət Duması Suriyadakı vəziyyətlə bağlı bəyanat layihəsini müzakirəyə çıxararaq qəbul edib. APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatda bildirilir ki, Suriya probleminin sülh yolundan başqa həll yolu yoxdur. Deputatlar Rusiya hökumətinin Suriya münaqişəsində tutduğu mövqeni və Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı təklifi dəstəkləyiblər. Dövlət Duması ABŞ Konqresinə və bir çox ölkələrin parlamentlərinə müraciət edərək Suriyaya hərbi müdaxiləyə qarşı çıxmağa və növbəti fəlakətin qarşısını almağa çağırıb.   

 

Dumanın beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov Rusiyanın kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifindən sonra Suriya münaqişəsinin siyasi yolla həllinə şans yarandığını söyləyib: “ABŞ-da müharibə tərəfdarları önə çıxarsa, o zaman Rusiya alternativ tədbirlər görəcək. Bu tədbirlərə İrana daha çox müdafiə silahları göndərilməsi və Əfqanıstana Rusiya ərazisi vasitəsilə göndərilən hərbi yüklərin tranzit şərtlərinə yenidən baxılması aiddir. ABŞ vəziyyəti gərginləşdirərsə və hərbi müdaxiləni seçərsə, bu şəkildə görüləcək tədbirlər normaldır”.

 

Dumanın fraksiyaları bəyanat layihəsinin kifayət qədər “yumşaq” olduğunu söyləyiblər. Kommunist Leonid Kalaşnikov layihənin sərtləşdirilməsini təklif edib. Onun təklifinə digər fraksiyalar da qoşulub.

 

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxışında Suriyadakı vəziyyətə qiymət verməyin vacib olduğunu söyləyib: “RLDP bu layihəni dəstəkləyir. Əgər orda kimyəvi silah varsa, biz o silahları özümüzə götürməliyik. Siz bir şeyi başa düşmək istəmirsiz. Burada ən böyük oyunçu İsraildir. İsrail İrandan qorxur. İranı məhv eləmək qərarı artıq verilib. Qoşunları İranla sərhədə yaxın yerləşdirmək üçün isə Suriya məhv edilməlidir. Onları kimyəvi silah maraqlandırmır. Onları rejim maraqlandırır. İranın məhvindən sonra İsrail sakitləşəcək”.

 

V. Jirinovski hesab edir ki, bəyanat layihəsində Suriyada dövlət başçısının dəyişdirilməsinin vacibliyi də göstərilməlidir: “Mən Suriya hökumətinə məsləhət görürəm ki, hakimiyyəti dəyişsinlər. Bütün problem Əsədlə bağlıdır. Onlar 40 il hakimiyyətdə olub. Ən azı 10 ildən bir orda hakimiyyət dəyişikliyi olsaydı, onda heç bir ərəb inqilabları baş verməzdi”.

 

Sonda bəyanat layihəsi səsə qoyulub və yekdilliklə qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar