Rusiya İrana “S-300 “Antey-2500” zenit-raket kompleksləri satacaq.
Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Moskva və Tehran arasında “S-300PMU-1” zenit-raket kompleksləri ilə bağlı münaqişəni yoluna qoymaq üçün belə bir qərar qəbul edib.
Qeyd edək ki, 2007-ci ildə Rusiya və İran arasında beş “S-300PMU-1” zenit-raket kompleksinin satışı ilə bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri 800 milyon dollar təşkil edib. Rusiya müxtəlif səbəblər irəli sürərək “S-300PMU-1” zenit-raket komplekslərini İrana təhvil verməyib, 2010-cu ildə isə BMT Təhlükəsizlik Şurası İrana bu cür silahların satışını qadağan edib. Bundan az sonra həmin vaxt Rusiya prezidenti səlahiyyətlərini icra edən Dmitri Medvedev İrana “S-300PMU-1” zenit-raket komplekslərinin satışının qadağan edilməsi barədə sərəncam verib. Tehran isə müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Rusiyanı Cenevrə Beynəlxalq Məhkəməsinə verib və 4 milyard dollar kompensasiya tələb edib. Tehran bir müddət əvvəl Rusiyanın “S-300PMU-1” zenit-raket komplekslərini “Top-M1E” zenit-raket kompleksləri ilə əvəzləmək təklifini də qəbul etməyib.
“Kommersant” qəzeti yazır ki, böyük ehtimalla Tehran Rusiyanın “S-300 “Antey-2500” zenit-raket kompleksləri ilə bağlı təklifini qəbul edəcək və məhkəmə iddiasından imtina edəcək. Çünki bundan əvvəl İranın Rusiyadakı səfiri Seyid Mahmud Sacadi bəyan edib ki, Moskva Tehrana İran ərazisini tam qoruya biləcək zenit-raket kompleksləri təklif edə bilər.
Qeyd edək ki, “S-300 “Antey-2500” zenit-raket kompleksi yaxın və 250 km-ə qədər orta məsafədə ballistik raketləri məhv etməyə qadirdir. “S-300 “Antey-2500” müasir hərbi təyyarələri, qanadlı raketləri də məhv də bilər.