İran Məsləhət Şurasının sədri, keçmiş prezident Ələkbər Haşimi- Rəfsəncani Cenevrədə «altılıq»la islam Respublikası arasında Tehranın nüvə probelmi ilə bağlı danışıqlardan və əldə edilmiş razılaşmadan danışıb.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, o, deyib ki, Cenevrədəki müzakirələr nüvə danışıqlarının «ən çətin və mürəkkəb mərhələsi» olub: «Bu mərhələdə İranın Qərb ölkələri ilə münasibətlərindəki buz əriməyə başladı. Güman edirəm ki, növbəti mərhələlərdə danışıqlar daha asan və adi şəkildə aparılacaq. Halbuki bəzi şərhçilər danışıqların növbəti mərhələsinin daha çətin olacağını vurğulayırlar.
İranla Amerika arasında dialoqlar aparılması bundan əvvəl bir tabuya çevrilmişdi. Fikrimcə, bu tabu artıq sındırılıb və həmin müzakirələrin davam edəcəyinə ümidvaram. Bu tabu asanlıqla sındırıla bilməzdi. Həm də güman edirəm ki, Amerika olmasaydı, nüvə danışıqlarında da hər hansı irəliləyiş olmayacaqdı».