PKK terror təşkilatının daxil olduğu KCK adlı konfederativ kürd təşkilatı (kürdcə: Koma Civaken Kürdistan – Kürdüstan Cəmiyyətlər Birliyi) PKK silahlılarının Türkiyə ərazisindən çıxarılması prosesinin dayandırıldığını elan edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, KCK Türkiyə hökumətinin “demokratikləşmə və kürd probleminin həlli məsələsində” addım atmaması səbəbiylə silahlı qrupların Türkiyədən çıxarılmasını dayandırdığını açıqlayıb.
Qeyd edək ki, PKK liderlərindən biri olan Cəmil Bayık ötən həftə Türkiyə hökumətinə lazımi addımların atılması üçün oktyabrın 1-nə qədər vaxt verdiklərini bildirmişdi: “İndiyə qədər heç bir addım görmədik. Bu, o mənaya gəlir ki, dövlət bu problemi həll etmək istəmir və müharibə tərəfdarıdır. Əgər bizə qarşı hərbi əməliyyatlar yenidən başlasa, özümüzü müdafiə edəcəyik. Əməliyyatlar güclənsə, Türkiyədən çıxardığımız və İraqın şimalına gələn silahlı qruplarımızı geri göndərəcəyik”.
Xatırladaq ki, Türkiyə hökuməti ilə PKK-nın həbsdəki lideri Abdulla Öcalan arasında aparılan danışıqlarda kürd probleminin həlli ilə bağlı razılıq əldə edilmişdi. Bu razılıq əsasında A. Öcalan bu ilin mart ayında PKK-ya atəşin dayandırılması və terrorçuların Türkiyədən çıxarılması barədə çağırış edib. PKK rəhbərliyi bu çağırışa əməl edərək terrorçuları Türkiyədən çıxarmağa başlayıb və bu prosesə paralel olaraq Türkiyə hökumətindən kürdlərin siyasi və mədəni hüquqlarının təmin olunmasına yönəlmiş addımlar atmasını tələb edib. Ərdoğan hökumətinin son vaxtlar kürd məsələsində passiv davranması ölkədə yaxınlaşan bələdiyyə seçkiləri ilə əlaqələndirilir.