ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Məlumata görə, görüşdə təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.
İki ölkə lideri həmçinin İŞİD-lə mübarizə məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, sammit ərəfəsində mətbuatda Obama-Ərdoğan görüşünün baş tutmayacağı barədə məlumatın yayılması intriqaya səbəb olub. Müşahidəçilər bunun ABŞ-Türkiyə münasibətlərinin soyuması ilə əlaqələndiriblər. Lakin, ABŞ administrasiyası sonradan prezidentlər arasında görüşün baş tuta biləcəyi barədə açıqlama verib.