Niyə Reyhanlı? – ARAŞDIRMA
13 may 2013 13:15 (UTC +04:00)

Niyə Reyhanlı? – ARAŞDIRMA

Mayın 11-də Türkiyənin Suriya ilə həmsərhəd Reyhanlı qəsəbəsində baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 46 nəfərə çatıb. Bu rəqəmin artacağı istisna olunmur, çünki xəstəxanalarda ağır vəziyyətdə olan yaralılar var. Türkiyə rəsmiləri artıq terror aktının icrasında iştirak edən 9 şübhəlinin saxlanıldığını, onların Suriyanın kəşfiyyat orqanı “El Muhaberat”  ilə əlaqəli olduğunu açıqlayıblar.

 

Bəs niyə hədəf olaraq məhz Hatayın Reyhanlı qəsəbəsi seçilib?

 

Reyhanlıda Türkiyəyə sığınan 25 min suriyalının yaşadığı düşərgələr var. Elə rayon mərkəzindəki xəstəxanalarda da Suriyadan gətirilən yaralı müxaliflər müalicə alırlar. Ümumiyyətlə, Türkiyə hakimiyyətinin suriyalı müxaliflərə dəstəyinin həyata keçirilməsində sərhəddə yerləşən Reyhanlı mühüm rol oynayan mərkəzlərdən biridir. Sözsüz ki, çoxlu sayda insan tələfatına yol açacaq belə bir partlayışdan sonra bölgə əhalisinin qəzəbi suriyalılara yönələcəkdi.

 

Elə də oldu və həmin gün rayondakı suriyalıları yerli əhalinin qəzəbindən qorumaq üçün Türkiyə hüquq-mühafizə orqanları ciddi səy göstərməli, ətraf bölgələrdən əlavə qüvvələr cəlb etməli oldu. Gərginlik hələ də tam olaraq ortadan qalxmayıb. Ancaq bu olay Türkiyənin Suriya ilə digər həmsərhəd, suriyalı qaçqınların yerləşdikləri düşərgələrin olduğu rayonlarında da baş versə, anoloji proses təkrarlanacaqdı. Deməli bu, Suriyadakı Bəşər Əsəd rejiminin hədəf olaraq Reyhanlını seçməsində əsas rol oynaya bilməzdi. Digər tərəfdən, terror aktı Türkiyədə kürdlərin yaşadığı və Suriya ilə sərhəddə yerləşən bölgədə, məsələn, Urfada, yaxud İstanbul, Ankara kimi böyük şəhərlərdə törədilsəydi, bu, ilk baxışda diqqətin fərqli istiqamətə, PKK terror təşkilatına yönəlməsinə yol açacaqdı. Türkiyənin PKK terroruna  son qoymaq üçün səylər göstərdiyi bir dönəmdə belə bir terror aktının törədilməsi Bəşər Əsəd rejiminin Türkiyəyə ən böyük zərbəsi olacaqdı. Ancaq belə görünür ki, zəifləməkdə olan Bəşər Əsəd rejimi artıq “bu miqyasda əməliyyat” planlaşdırmağa qadir, digər tərəfdən, artıq PKK-ya faktiki rəhbərlik edənlərlə əməkdaşlıqda da maraqlı deyil. Baxmayaraq ki, Suriya uzun illər PKK-ya birmənalı dəstək verib, elə indinin özündə PKK-nın rəhbərliyində yer alan Fəhman Hüseyn Bəşər Əsədin sinif yoldaşı olub, Fəhman Hüseyn  Bəşər Əsədlə yaxşı münasibətlərini xatırlatmaqdan heç vaxt çəkinməyib.     

 

Bəs, Bəşər Əsəd rejiminin Reyhanlıda terror aktını törətməsini asanlaşdıran amil nədir?

Bu suala cavab tapmaq üçün bölgənin yaxın tarixinə, etnik-dini tərkibinə diqqət yetirmək lazımdır. Hatay 20-ci əsrdə Suriya ilə Türkiyə  arasında ən ciddi mübahisə mövzusu idi. Atatürk Hatayın səsvermə əsasında əhalinin istəyi ilə Türkiyə qatılmasına nail olub. Hatayı Suriya torpağı sayan Bəşər Əsədin atası Hafiz Əsəd məhz bu səbəbdən Türkiyəyə düşmənçiliyini heç vaxt gizləməyib. Bölgədə yaşayan və əhalinin önəmli qismini təşkil edən ələvi ərəblərdən (“nusayrilər”) də zaman-zaman bu məqsədlə yararlanmağa çalışıb. Hafiz Əsəd niyyətini həyata keçirmək üçün  20 il əvvəl Hatayda silahlanmış təşkilat da yaradıb. Söhbət Suriyanın kəşfiyyat orqanı ilə əməkdaşlıq şəraitində çalışan  və “Acilciler” kimi tanınan təşkilatdan gedir. Başqa sözlə, Mahir Çayanın rəhbərliyindən sonra THKP-C-də bölünmə baş verərkən, THKP-C (“Acilciler”) təşkilatının üzvlərinin əksəriyyəti hataylılar olub. Təşkilata Mihraç Ural liderlik etməyə başlayandan sonra “Acilciler”in ana qanadı olan Xalqın İnqilab Liderləri qurumu yaradılıb. Türkiyədə 12 sentyabr çevrilişindən sonra Suriyaya qaçaraq Lazkiyaya, ələvi ərəblərin yaşadıqları bölgəyə yerləşən təşkilat üzvləri hazırda Mihraç Uralın rəhbərliyi altında Lazkiya dağlarında müxalif Azad Suriya Ordusuna qarşı döyüşürlər. Hafiz Əsədin qohumu olan bir qadınla evlənmiş Mihraç Uralın Türkiyə sərhədlərindən 10 km məsafədə yerləşən, sünni ərəblərin yaşadığı Kesep bölgəsində qətliam törədilməsi prosesinə liderlik etdiyi məlumdur.

İndi də “Acilciler” Türkiyə hakimiyyətinin suriyalı müxaliflərə dəstəyinin həyata keçirilməsində mühüm rol oynayan məkanlardan biri olan Hatayın Reyhanlı rayonunda belə bir terror aktının həyata keçirilməsi üzərinə götürməsi təsadüfi sayıla bilməz. Haytadan kənarda “Acilciler”in Suriyadan göndərilən böyük miqdarda partlayıcını maşınlara yükləmələri, təhlükəsizlik qüvvələrinin diqqətini cəlb etmədən uzun müddət saxlamaları və belə bir partlayış törətmələri çətin olardı. Partlayışda yalnız ordunun və kəşfiyyat qurumlarının əlində olan bir ton partlayıcıdan istifadə edilib. Şübhəlilərin ifadələri əsasında məlum olub ki, partlayıcı maddə Yayladağ istiqamətindən Türkiyəyə keçirilib, Hatay şəhərində iki maşına yerləşdirilib, Reyhanlıya gətirilərək bir evdə bir neçə gün saxlanılıb, 9 şübhəli ərazidə kəşfiyyat işi aparıb, mayın 11-də də bu dəhşətli terror aktı törədilib.

 

Ancaq öncə də qeyd olunduğu kimi, bu terror aktının Reyhanlıda törədilməsi ilə diqqəti birmənalı olaraq özünə yönəldən Bəşər Əsəd rejiminin rasional düşünmə qabiliyyətini itirməsindən xəbər verir. Artıq ABŞ başda olmaqla Qərb dövlətləri, NATO Türkiyəyə dəstəyini ifadə edir. İndiki mərhələdə sözdə verilən bu dəstəyin əməldə həyata keçməsi ehtimalı da az deyil ki, bu da Bəşər Əsədin sonu olacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494
avatar

Oxşar yazılar