Fevralın 28-də Dəməşqin şərqindəki Cubar qəsəbəsi prezident Bəşər Əsədə sadiq ordu bölmələri ilə müxalif Suriya Azadlıq Ordusu arasında qanlı döyüş meydanına çevrilib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, müxaliflərin Dəməşqin mərkəzindəki Abbasid meydanı istiqamətindəki hərbi postları ələ keçirmək cəhdləri alınmayıb.
Bununla belə, “Əl-Cəzirə” telekanalı müxalif səhra komandirinə istinadən Cubar qəsəbəsinin Suriya Azadlıq Ordusunun nəzarətində olduğu barədə xəbər yayıb. Suriya ordusu Dəməşq şimaldan Hums şəhəri ilə birləşdirən Adre və Nabake şoselərini də müxaliflərin nəzarətindən azad edə bilməyib. Eyni zamanda Dəməşqin qərb çıxışı, Livanla sərhəddə yerləşən dağ kurort şəhəri olan Zabadaniyə aparan yol da müxaliflərin nəzarətindədir. Artıq 100 gündən çoxdur ki, Dəməşqin cənubundakı Daraya və Muadamii məhəllələrində də ağır döyüşlər gedir. Bütün bunlar müxaliflərin faktiki Dəməşqə yolunun açılması deməkdir.
Humsdan cənubda, Livanla sərhəddə yerləşən Kuseyr rayonunda da vəziyyət kəskinləşib. Hələb şəhərinlə isə döyüşlər artıq şəhərin tarixi mərkəzində gedir. Buradakı abidələrin çoxu, o cümlədən Böyük Omeyyad məscidi YUNESKO-nun mədəni irs siyahısına salınıb. Son günlər bu məscid əldən ələ keçir. Meneq hərbi aeroportu uğrunda döyüşlər də davam edir.