Misir Hərbi Prokurorluğu da devrilmiş prezidentə qarşı ittiham irəli sürdü
Dünən Misir Hərbi Prokurorluğu devrilmiş prezident Məhəmməd Mursi və Müsəlman Qardaşları Hərəkatının (İhvan) rəhbərliyində yer alan 35 nəfərə zorakılığı təşviq etmək və aksiyaçıları öldürmək ittihamı ilə cinayət işi açıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu şəxslərə ölkəni tərk etmək qadağan olunub.
Ölkədən çıxması qadağan olunan şəxslər arasında İhvanın baş mürşidi Məhəmməd Bedii, baş mürşidin müavini Hayret eş Şatır, İhvan lideri Məhəmməd əl-Baltacı, Azadlıq və Ədalət Partiyasının sədri Məhəmməd Saad əl-Katatni, partiya sədrinin müavini Isam əl-Uryan da var.
Bu arada Məhəmməd Mursinin ordu tərəfindən həbsinə qədər yaşanmış proseslə bağlı maraqlı bir detal da üzə çıxıb. “Əl-Əhram” qəzeti yazıb ki, ordu rəhbərliyi Məhəmməd Mursiyə Misiri tərk edərək Türkiyə, Qətər, ya da Yəmənə getməyi təklif edib. Ancaq Məhəmməd Mursi ölkədən çıxmağı rədd edib.
Qeyd edək ki, bu gün Misir baş prokuroru Abdulmecid Mahmud Məhəmməd də Mursi və Müsəlman Qardaşları Hərəkatının (İhvan) liderləri haqqında xarici qüvvələrlə əməkdaşlıq edib, kəşfiyyat məlumatları toplamaq və həbsxanadan qaçmaq ittihamı ilə mühakimə olunması barədə qərar verib. Məsələ ondadır ki, İsmailiyyə Apelyasiya Məhkəməsi keçən həftə Natrun Vadisi Həbsxanasındakı İhvan liderlərinin 2011-ci il 25 yanvar inqilabı zamanı “Həmas” Hərəkatı ilə peyk üzərindən əlaqə qurularaq qaçırılması ilə bağlı cinayət işinə yenidən baxılması üçün Baş Prokurorluğa müraciət edib. 2011-ci il yanvarın 28-də Natrun Vadisi Həbsxanasına hücum olub, aralarında Məhəmməd Mursinin də olduğu bir çox İhvan liderlərinin həbsxanadan qaçması təmin edilib. Baş prokuror hazırda hərbçilərin nəzarətində ev həbsində saxlanılan Məhəmməd Mursinin 48 saat ərzində ifadəsinin alınacağını bildirib.