Rusiyanın xarici işlər naziri Sergei Lavrov Şimali Koreya ilə ABŞ arasında gərginliyin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Lavrov tərəfləri təmkinli davranışa çağırıb.
Rusiyalı naziri bu bəyanatı Şimali Koreya raketlərinin ABŞ hədəflərinə tuşladığı barədə xəbərlərdən sonra verib.
Martın 29-da Şimali Koreyanın dövlət televiziyası bildirib ki, ölkə lideri raketlərin ABŞ ərazisindəki hədəflərə, eləcə də ABŞ-ın Sakit ocean və Cənubi Koreyadakı bazalarına tuşlanmasına göstəriş verib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın iki «B-2 Spirit» bombardmançı təyyarəsi Cənubi Koreyanın hava məkanında nümayşikaranə uçuş edib. Bununla da Vaşinqton öz müttəfiqini dəstəklədiyini bir daha nümayiş etdirib.
Təyyarələr Missuridəki öz bazalarından 20 min km uçaraq, hədəfi bombaladıqlarının təlimini də məşq ediblər.
Koreya Respublikası ilə ABŞ arasında əldə edilmiş yeni anlaşmaya əsasən, Şimali Koreya bu yaxınlarda Cənubun ünvanına bəyan etdiyi hədələyici çıxışları gerçəkləşdirəcəyi halda Seul yardım üçün Vaşinqtona müraciət edə bilər.