Misir Şura Məclisinin Qanun Komitəsi millət vəkili Kalend Abdelin təklif etdiyi qanun layihəsini qəbul edib, Məclis də qanunu təsdiqləyib.
Lent.az-ın MENA agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsi Aralıq dənizinin şərqində dəniz sərhədlərinin dəyişməsini, beləliklə də Misirin neft və qaz yataqlarından milyardlarla dollar gəlir əldə etməsini nəzərdə tutur.
Bu qanunun qəbul edilməsi ilə Misirin 2003-cü ilin fevralında İsrail , Cənubi Kipr və Livan ilə imzaladığı anlaşma qüvvədən düşür. Yəni Misir artıq anlaşma ilə müəyyənləşən sərhədləri tanımır. Qanuna əsasən Aralıq dənizinin şərqində, yəni Kipr adasının cənubunda yerləşən sahə Türkiyə də daxil olmaqla, yenidən bölüşdürülməlidir. Cənubi Kipr 2003-cü ildə birtərəfli olaraq həmin zəngin neft və qaz yataqlarının kəşf edildiyini həmin sahəni özünün iqtisadi zonası elan edib. Türkiyənin bu sahənin Cənubi Kiprlə Şimali Kipr Türk Cümhuriyyəti arasında bölüşdürülməsi təklifi isə Cənubi Kipr tərəfindən qəbul edilməyib.
Siyasi müşahidəçilər Misirin anlaşmadan çıxmaqla Türkiyənin bölgədəki rolunun artacağını proqnozlaşdırırlar. Başqa sözlə, Aralıq dənizində İsrail-Cənubi Kipr ittifaqına qarşı Türkiyə-Misir ittifaqı formalaşır.