İnsan haqlarını müdafiə təşkilatı «Human Rights Watch» Misirdə 1,5 min suriyalı qaçqının saxlanıldığına dair xəbər yayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təşkilat bildirib ki, Misir hakimiyyəti onların çoxunun Suriyaya qayıtmağa məcbur edir.
Mənbənin məlumatına əsasən, qaçqınların arasında uşaqlar da var. Onlar Avropaya qaçaq yolu ilə getmək istəyərkən saxlanılıb.
Hüquq müdafiəçisi Suriyadan çıxan fələstinli qaçqınların vəziyyətinin daha acınacaqlı olduğunu vurğulayıb.
Qurum bildirib ki, Misirdəki hakimiyyət suriyalı qaçqınların müdafiəsi ilə bağlı fəaliyyətsizlik göstərir və onları çox ağır şəraitdə saxlayır.
Ölkə prezidenti Məhəmməd Mursi devrildikdən sonra yeni hakimiyyət Suriyadan qaçqınların gəlməsinə məhdudiyyət tətbiq edib.