Bazar günü Kuba Milli Assambleyası 81 yaşlı Raul Kastronu yenidən prezident seçib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kubanın əfsanəvi lideri Fidel Kastronun qardaşı olan Raul Kastro deyib ki, ikinci müddət prezidentlik onun üçün sonuncu olacaq.
Raul Kastro qarşıdakı 5 il ərzində Dövlət Şurası və hökumətə başçılıq edəcək. Kuba Milli Assambleyası birinci vitse-prezident postuna isə 52 yaşlı Migel Dias-Kaneli seçib. Əgər Raul Kastro ölkəyə rəhbərlik edəcək durumda olmazsa, ölkəyə məhz Migel Dias-Kanel idarə edəcək. Parlament 5 əlavə vitse-prezident də seçib.
Parlamentin iclasında son vaxtlar ictimaiyyət qarşısına nadir hallarda çıxan Fidel Kastro da iştirak edib.