“Gürcüstan prezidenti Mixail Saakaşvilinin bəyanatı ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayıb və hökumətin mövqeyini əks etdirmir”.
APA-nın məlumatına görə, bu bəyanatla Gürcüstanın baş naziri Bidzina İvanişvili çıxış edib.
O, prezidenti son günlər bir neçə dəfə məsuliyyətsiz bəyanatlar verməkdə günahlandırıb: “Onun bu bəyanatları Gürcüstan hökumətinin Avropaya və Avroatlantika məkanına inteqrasiya kursuna ziddir. Bu ilin oktyabrında Saakaşvilinin prezidentlik müddəti başa çatır. O dövrə kimi prezident öz təşəbbüsü ilə hərəkət edir, onun səfərləri Xarici İşlər Nazirliyi ilə koordinasiya olunmur və verdiyi bəyanatlar Gürcüstan hökumətinin mövqeyini əks etdirmir. Cənab Saakaşviliyə ölkənin yeni hökuməti üçün əlavə problemlər yaratmamağı məsləhət görürəm. Biz buna təəssüf edir və prezidentin bəyanatından xoşagəlməz vəziyyətə düşən ölkələrdən üzr istəyirik”.
Bidzina İvanişvili söhbətin prezidentin konkret hansı bəyanatından getdiyini açıqlamayıb.
Qeyd edək ki, Azərbaycana səfərini başa vuraraq ölkəsinə qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə verdiyi açıqlamada Rusiyanın Gürcüstanda həyata keçirdiyi ssenarini Azərbaycanda təkrarlamaq niyyətində olduğunu bildirib və qeyd edib ki, Moskva bu ssenari üzrə Azərbaycanda da hakimiyyət dəyişikliyi planlaşdırır.