İran atom-nüvə problemi ilə bağlı Almatıda danışıqlar başlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, danışıqların birinci günü Tehran təmsilçiləri heç bir təklif irəli sürməyib.
Bu haqda Avropa Birliyinin ali komissarı Eşton Ketrinin xarici məsələlər üzrə mətbuat katibi Maykl Mann bəyanat verib:«Altılıq»ın təklifləri qarşılığında İran bu gün müzakirə edilən məsələlərlə bağlı öz təklifini təqdim etmədi».
Fevralın 26-da keçirilən növbəti plenar iclasda «altılıq» təmsilçiləri Tehranın sözügedən problemi ilə bağlı yenilənmiş təklif irəli sürüb. İran təmsilçiləri də ötən il Moskvada keçirilən görüşdəki təkliflərini yenilədiklərini bildirsə də, ancaq onun mahiyyətini açıqlamır.
Xatırladaq ki, Maykl Mann fevralın 25-də jurnalistlərə açıqlamasında 5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla növbəti nüvə danışıqlarından danışarkən deyib ki, 5+1 qrupu İrana sərfəli təklif verəcək: “Bizim bu danışıqlarda İrana yaxşı bir təklifimiz olacaq. Hesab edirik ki, bu təklif konstruktiv danışıqların bünövrəsini qoya bilər. Bizim İrana edəcəyimiz təklifdə həm beynəlxalq ictimaiyyəti narahat edən məsələlərə, həm də İranın bir sıra ideya və istəkləri nəzərə alınıb”.