İranın Heratdakı konsulluğuna hücum faktının təfərrüatları məlum olub.
APA-nın “Radiofərda”nın məlumatına görə, bu gün səhər saatlarında bir qrup Əfqanıstan vətəndaşı diplomatik korpusun qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb Əfqanıstan vətəndaşlarının aylardır 400 avro məbləğindəki əmanətlərini ala bilməməsidir. Çünki İran konsulluğu onlara pullarının verilməsini gecikdirir. Ona görə də yerli sakinlər aksiya keçirməklə öz hüquqlarını tələb etmək istəyiblər.
Ancaq piket iştirakçıları konsulluğun binasına daxil olmağa və onu yandırmağa cəhd göstəriblər. Onlar daşlar və taxta dəyənəklərlə diplomatik korpusa hücum ediblər. Bu zaman konsulluğun mühafizəçiləri nümayişçilərə atəş açıb. Nəticədə bir nəfərin öldüyü və bir nəfərin də yaralandığı bildirilir. Aksiya Herat təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə başa çatıb.
Piket iştirakçıları qarşıdurma zamanı 3 nəfərin öldüyünü iddia etsələr də, ancaq Herat xəstəxanasından 1 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı barədə məlumat verilib. Bundan əlavə, Herat polisi 20 nəfər nümayişçinin həbs edildiyini açıqlayıb.
Qeyd edək ki, yerli vətəndaşlar İran konsulluğunun rəsmilərini rüşvət, korrupsiya və ölkələrinə viza satmaq üçün “qara bazar” yaratmaqda günahlandırırlar.