Iranda kütləvi edamlar başlayıb
01 mart 2013 13:21 (UTC +04:00)

Iranda kütləvi edamlar başlayıb

İranın Məşhəd şəhərinin Vəkilabad həbsxanasında 3000 nəfərə yaxın məhbus edam olunacağı günü gözləyir. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu barədə İran müxalifətinə, xüsusilə “Yaşıl hərəkat”a bağlı “Kaleme” xəbər saytının yaydığı hesabatda bildirilir.

 

Məruzədə deyilir ki, mərhum Əhməd Qabil Vəkilabad həbsxanasında həyata keçirilən gizli və kütləvi edamların şahidi olub: “Ancaq o bunu ifşa etdiyinə görə məhkəməyə çağırılaraq mühakimə olunub. Vəkiləbad həbsxanası 4000 nəfərlik məhbus tutumuna malik olmasına baxmayaraq, burada 12 mindən artıq məhbus saxlanılır”.

 

Sənəddə deyilir ki, edam olunacaq məhbusları 70 nəfərlik qruplara ayıraraq görüş otağına çağırırlar: “Məhbuslar hökmün icrasınadək həmin otağa nə üçün çağırıldıqlarını bilmirlər. Sonra günbatana yaxın həbsxananın telefonları kəsilir və zindandakı digər məhbuslar edam saatının çatmasından xəbərdar olurlar. Beləliklə, günbatana yaxın məhbusları kütləvi şəkildə dara çəkirlər. Onların nə ədalətli məhkəmə prosesi keçirilir, nə də məhkumlar vəkillə təmin olunurlar”.

 

Hesabatda qeyd olunur ki, kütləvi edamlar bir müddət dayandırılsa da, 2012-ci ilin sentyabrından yenidən başlayıb: “Şahidlər 2013-cü il yanvarın 21-dən fevralın 19-dək gizli və kütləvi edamların icra edildiyini, nəticədə Məşhədin Vəkilabad həbsxanasında onlarla məhbusun dara çəkildiyini xəbər veriblər. 2013-ci il fevralın 10-da və fevralın 13-də sonuncu gizli və kütləvi edamların həyata keçirildiyi tarixdir. Edam olunan məhbusların əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında ittiham olunub. Eyni zamanda dara çəkilənlərdən biri edam cəzasına 18 yaşından kiçik olarkən layiq görülüb. Bir məhbus isə narkotik maddə olan şüşədən istifadə etdiyinə və yuxusunda bir nəfəri qətlə yetirdiyinə görə edam edilib. Ümumulikdə Vəkilabad həbsxanasında  2010-cu ilin qışından 2011-ci ilin payızınadək ən azı 550 nəfər edam olunub. Bundan əlavə, 2011-ci illin avqustında üç dəfə 63, 67 və 70 nəfərlik qruplar halında gizli və kütləvi edamlar həyata keçirilib. Dara çəkilən məhbusların istintaq, məhkəmə prosesləri və hökmünün icrası zamanı qayda-qanunların nə qədər gözlənildiyi məlum deyil”.

 

Məruzənin sonunda vurğulanır ki, edam edilən məhbusların içərisində xeyli Əfqanıstan vətəndaşı var: “Onların cənazələri belə ölkəsinə göndərilməyib və Məşhəd (Beheşt-e Rza) qəbiristanlığında təhlükəsizlik qüvvələrinin nəzarəti altında digər dara çəkilmiş məhbuslarla birlikdə gizlicə basdırılıb”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3136
avatar

Oxşar yazılar