Noyabrın 19-da İranın Livan paytaxtı Beyrutdakı səfirliyinin binası qarşısında partlayışın törədən terrorçu-intiharçıların şəxsiyyəti bəlli olub. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Livan hakimiyyəti bəyanat verib.
Məlumata əsasən, onarın biri fələstinli, o biri isə livanlıdır. 19 yaşlı fələstinli Ədnan Mussa əl Məhəmməd Livanın cənubunda yaşayıb və şeyx Əhməd əl-Əsirinin davamçılarından sayılır. 19 yaşlı livanlı Muin Əbu Dəhr isə Sidon şəhərində yaşayıb və sələfilərdən sayılır.
«Daily star» yazıb ki, fələstinlinin atası Livan təhlükəsizlik qüvvələri tərəfindən sorğu-suala edilib.
Son məlumatlara əsasən, Beyrutda baş verən həmin olay nəticəsində 25 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.
Başqa mənbələr də bu olayla bağlı məlumat yayıb.
Məlumata əsasən, hadisənin məsuliyyətini «Abdullah Ozam Qrupu» öz üzərinə götürüb. Bu terrorçu qrupun İran ETTELAAT-ı tərəfindən, İran siyasətinin əleyhinə olan qüvvələrə qarşı terror həyata keçirmək məqsədi ilə yaradıldığı iddia edilir.
«Əl-Ərəbiyyə» telekanalının məlumatına görə, terror üzrə bir sıra mütəxəssislər bildirib ki, həmin terror təşkilatı 2003-cü ildə ETTELAAT tərəfindən yaradılıb və ilk dəfə onun rəsmi ofisi Tehranda açılıb.
Təşkilatın səudiyyəli rəhbəri Salih Abdullah əl-Qəravi 2011-ci ilə qədər Tehranda olub. Əlqəravi 2011-2013-cü illər arası İranın dəstəyi ilə Pakistanın Vəziristan bölgəsi, Beyrut və digər məntəqələrdə terror fəaliyyətləri ilə məşğul olub. O, 2012-ci ildə Pakistan qüvvələri ilə toqquşmada yaralanıb, həmin qüvvələr tərəfindən yaxalanıb və nəhayət illərdir onun təqibində olan Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Terrorçu qrupun rəhbərliyində dəyişiklik olunca, bu qrup İrana qarşı radikal sünnü qruplarına qoşulub. Buna səbəb kimi isə İranın İraq, Livan və Suriyada apardığı siyasət göstərilir.
Əl-Qəravidən sonra onun yerinə Maced-ül Maced gətirilib. O, bu qrupun rəhbərliyini öz öhdəliyinə götürüb.
Mənbənin yaydığı məlumata görə, Suriyalı tanınmış ekspert və jurnalist Cümə Akkaş bildirib ki, terror qruplarının İranla münasibəti məşhur ərəb atalar sözünü yada salır: «Quyu qazan, quyuya düşər». İslam Cümhuriyyəti hətta təsəvvür etmirdi ki, qazdığı quyura özü düşəcək».