Gürcüstanda benzinin qiyməti yenidən bahalaşıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanacağın bir litrində 2-5 tetri artım olub. Gürcüstanın Neft İdxalçılar Birliyinin məlumatına görə, artıma səbəb dünya bazarında neftin qiymətinin yüksəlməsidir. Bunu birliyin sədri Vano Mtvaraşvili də təsdiqləyib. Onun sözlərinə görə, Gürcüstanda satılan benzinin qiyməti dünya bazarında satılan benzinin qiymətindən aşağıdır.
Ölkədə fevralın 17-dən başlayaraq, “Visol” şirkəti qiymətləri artırmağa başlayıb. Şirkətin benzindoldurma məntəqələrində “Avrorequlyar” benzinin qiyməti 2.10 tetri (təxminən 1,06 AZ manatı), Azərbaycan benzini isə ondan 3 tetri az, yəni 2, 07 tetridir. “Qalf” şirkətində də benzin baha satılmağa başlayıb. “Lukoyl”da “Premium” benzini 2.17 tetri (1,09 AZ manatı), “Avrorequlyar”ın qiyməti əvvəlki kimi 2 lari (1 manatdan bir az çox) qalıb. “Avrodizel” 2,17 tetri olub. Məlumata görə, qeyd edilən 5 brenddən başqa Gürcüstanda benzin doldurma məntəqələrin çoxunda yanacağın qiymətinin artırılmasına başlanılıb.”