Gürcüstan Ombudsman Aparatı yanında fəaliyyət göstərən Milli Azlıqlar Şurası son günlər Gürcüstanda baş verən hadisələrə bağlı narahatlığını bildirir.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözlər Gürcüstan Ombudsmanı nəzdində fəaliyyət göstərən Milli Azlıqlar Şurasının bəyanatında yer alıb. Bəyanatda qeyd edilib ki, baş verən hadisələr bəzi hallarda dövlət orqanlarının ayrı-ayrı nümayəndələrinin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verib.
«Son günlər müsəlman icması ilə bağlı baş verən faktlar (Nigziani, Tsintskaro, Samtatskaro hadisələri ) vətəndaşlarımız arasında dini zəmində ayrı-seçkiliyə səbəb olur və vəziyyəti gərginləşdirir. Bu baxımdan avqustun 26-da Adıgeni rayonunun Çela kəndində minarənin sökülməsi xüsusi narahatlıq yaradıb və Gürcüstanın bir çox vətəndaşları tərəfindən mənfi qiymətləndirilib», - deyə bəyanatda vurğulanıb.
Bəyanat müəllifləri hesab edir ki, Gürcüstan hakimiyyəti təxirəsalınmaz və effektiv tədbirlər görməyə nail olmalıdır. «İlk olaraq vəziyyəti təsirsiz hala gətirmək, ikincisi, dini zəmində qarşıdurmanı aradan qaldırmaq imkanlarından istifadə etmək lazımdır. Həmçinin hakimiyyət mövcud qanunvericiliyə uyğun olaraq dövlət orqanlarının köməyi ilə dini zəmində baş verən mümkün diskriminasiya faktlarına və cinayətlərə müvafiq cavab verməlidir”.
Xatırladaq ki, avqustun 30-da Adıgeni rayonunun Çela kəndində inşa olunan minarə möhürlənib və polis tərəfindən mühafizə edilir.
Həmin gün Batumidə yerli müsəlman icmasının nümayəndələri hakimiyyətə müraciət edib. Onlar yeni məscidin tikilməsi üçün torpaq sahəsinin ayrılmasını istəyib. Onların sözlərinə görə, hazırda fəaliyyət göstərən məsciddə ibadət zamanı sıxlıq yaranır.