"Hazırkı mərhələdə İran tərəfi ilə Gürcüstana təbii qazın nəqli ilə bağlı konkret razılıq mövcud deyil".
"APA-Economics" "Georgia-Online" portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Energetika Nazirliyinin açıqladığı bəyanatda deyilir.
"Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir", - deyə bəyanatda deyilir.
İran KİV-ləri isə bildirir ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.
İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".
Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.