Parisdəki Azərbaycan Evinin sədri: “Fransız vəkillərimiz prokurorluğa müraciət edəcəklər”
Fevralın 26-da Fransa Milli Assambleyasında fransız deputat Fransua Roşeblounun təhriki ilə ermənilər tərəfindən vəhşicəsinə döyülən diaspor üzvlərimizlə bağlı hələ də cinayət işi açılmayıb.
Bunu Lent.az-a açıqlamasında Parisdəki Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva söyləyib.
Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.
Hər iki diaspor üzvümüz tibbi ekspertizadan keçib və fevralın 28-də ekspertiza rəyi alınıb. Ekspertiza rəyində Mirvari Fətəliyevanın 3 gün, Vüsal Hüseynovun 5 gün əmək qabiliyyətini itirdiyi qeyd olunub. Diaspor üzvlərimiz elə həmin gün Parisdə polis bölməsinə gedərək şikayət də ediblər. Çünki bu ekspertiza rəyi əsasında polis cinayət işinin açılıb-açılmaması barədə qərar verməlidir. Ancaq Fransa polisi indiyə qədər cinayət işinin açılacağı ilə bağlı zərərçəkənlərə məlumat verməyib.
Mirvari Fətəliyeva bildirib ki, hazırda işlə fransız vəkillər məşğul olur, vəkillər prokurorluğa müraciət edəcəklər: “Cinayət işinin açılıb-açılmayacağını zaman göstərəcək, Fransada belə işlərin araşdırılması uzun çəkir”.