Ermənistan prezidenti Serj Sarqsyan martın 7-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, Sarqsyan görüşdə qeyd edib ki, İrəvan Gürcüstanla münasibətlərin inkişafında maraqlıdır və müxtəlif səviyyələrdə həyana keçirilən qarşılıqlı səfərlər buna imkan yaradır.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Serj Sarqsyana erməni həmkarı Seyran Ohanyanla baş tutan görüşün nəticələri barədə məlumat verib. O qeyd edib ki, görüşdə iki dövlətin hərbi sahəsindəki əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
İrakli Alasaniya baş nazir Bidzina İvanişvili hökumətinin yanaşmalarına və siyasətinə əsaslanaraq qeyd edib ki, “qardaş Ermənistanla strateji əlaqələrin inkişafı Gürcüstan üçün əsas prioritetlərdən biridir”.
Qeyd edək ki, Ermənistanın və Gürcüstanın müdafiə nazirləri Seyran Ohanyan və İrakli Alasaniya bu gün İrəvanda iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığın 2013-cü ilə olan proqramını müzakirə ediblər.
“2013-cü ilin proqramı çərçivəsində biz müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyən etdik – buraya hərbi təhsil, sülhməramlılıq, strateji islahatlar və dağ təlim mərkəzlərində xüsusi təyinat birləşmələrinin hazırlanması daxildir”, deyə Seyran Ohanyan birgə mətbuat konfransında bildirib.
Ermənistanın müdafiə nazirinin sözlərinə görə, danışıqlar zamanı ikitərəfli məsələlərlə yanaşı regional təhlükəsizliyin problemləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. “Ermənistan-Gürcüstan hərbi əməkdaşlıq yüksək səviyyədədir və dinamik şəkildə inkişaf edir. Regional təhlükəsizliyin təmini və münaqişələrin həlli məsələlərində bizim mövqelərimiz tam üst-üstə düşür”, deyə o qeyd edib.
Seyran Ohanyan həmçinin qeyd edib ki, tərəflər iki ölkə arasında mövcud olan hüquqi bazanın təkmilləşdirməyi də planlaşdırır.
O Gürcüstanın müdafiə nazirinin Ermənistana səfərinin iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığının inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya isə qeyd edib ki, Gürcüstanın baş naziri Bidzina İvanişvilinin bu günlərdə Ermənistana səfər etməsi onu sübut olub ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər bundan sonra daha da genişlənəcək və dərinləşəcək.