İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla bağlı məhkəmə çəkişməsi davam edir.
Lent.az-ın məlumatına görə, İran parlamentinin ekspertiza işləri şöbəsinin rəhbəri Müctəba Mələk Əfzəli noyabrın 27-də jurnalistlərə keçmiş prezidentin məhkəməsinin təxirə salınmasından danışıb.
Qeydğ edək ki, ötən gün Əhmədinejadın məhkəməsi olmalı idi.
Ancaq keçmiş hökumət başçısı Tehran Cinayət Məhkəməsinə gəlmədiyindən məhkəmə prosesi təxirə salınıb. İlkin məhkəmə iclası müttəhimsiz və hətta onun vəkili olmadan keçirilib və hakim işi dayandıraraq məhkəməni təxirə salıb.
Şöbə müdiri bildirib ki, prezident olduğu illərdə Əhmədinejad «İdman və Gənclər Nazirliyini vaxtında yaratmaqdan imtina etməkdə», «İran Milli Neft Şirkətinin əsasnaməsini vaxtında hazırlayıb təqdim etməməkdə», «Tehran metrosu üçün xarici valyuta ilə büdcə ayırmamaqda və daha bir neçə qanunsuz əməldə» günahlandırılır: «İrandakı məhkəmə qanunlarına görə, müttəhim yalnız üzrlü səbəbdən (xəstəlik, yoldaşının ölümü, təbii fəlakət baş verdikdə və sair) məhkəməyə gəlməyə bilər. Əhmədinejad növbəti məhkəməyə gəlməsə və ya gəlməməyi üçün qaneedici dəlillər göstərə bilməsə, o, tutula bilər».
Məhkəmənin növbəti iclasının vaxtı haqda məlumat yayılmayıb.
Xatırladaq ki, prezidentliyinin yüz günlüyü ilə bağlı hesabatında Həsən Ruhani də Əhmədinejad hökumətini tənqid edib: «Təəssüflər olsun ki, Əhmədinejad hökumətinin səriştəsizliyi ölkə iqtisadiyyatına sanksiyalardan daha mənfi təsir göstərib. Həmin səriştəsizlik ucbatından Əhmədinejad hökuməti iranlılar üçün deyil, daha çox çinlilərlə koreyalılar üçün iş yerləri açıb. Keçmiş hökumətin səriştəsizliklərindən biri də, budur –o, bir tərəfdən BMT qətnamələrini kağız parçası adlandırdı, o biri yandan isə idxalı gücləndirərək ölkənin xaricilərdən asılılığını daha da şiddətləndirdi».