İndoneziyanın ali məhkəməsi 56 yaşlı Britaniya vətəndaşı Lindsi Sendiford barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham olunub.
Polis onu cari il mayın sonunda Bali adasında həbs edib. Gömürük yoxlaması zamanı britaniyalının çemodanından 4,8 kiloqram kokain aşkar edilib.
Sendiford İngiltərənin cənub-qərbində Qlosterşir qraflığının sakinidir. Onun iddiasına əsasən, Baliyə narkotik maddəni aparmağa onu məcbur ediblər.
Britaniyanın İndoneziyadakı səfirliyinin təmsilçisi bildirib ki, əgər xanım Sendiford cəzasının yumşaldılması üçün işə yenidən baxılmasında israr edərsə, o zaman diplomatlar onu müdafiə edəcək.
Bu iş üzrə 4 nəfər mühakimə olunur. Onlardan üç britaniyalı, biri isə hindistanlıdır. Onların hamısı çeşidli müddətə azadlıqdan məhrum edilib.