Bu gün səhər saatlarında BMT-nin kimyəvi silahlar üzrə müfəttişləri Dəməşqdə qaldıqları oteli tərk edərək avtomobillərlə Suriya-Livan sərhədi istiqamətində hərəkətə başlayıblar.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər Dəməşqin Quta qəsəbəsindən götürdükləri nümunələri Avropadakı laboratoriyalarda araşdıracaqlar.
Ekspertlərə Quta qəsəbəsində kimyəvi silah tətbiq edilib-edilmədiyini müəyyənləşdirmək üçün 2 həftə vaxt lazımdır. Bundan sonra hazırlanan hesabat BMT baş katibi Pan Gi Muna təqdim olunacaq. Pan Gi Mun isə bu barədə BMT Təhlükəsizlik Şurasının üzvlərinə məlumat verəcək.
Bu arada Suriya hakimiyyəti ABŞ prezidenti Barak Obamanın Suriya ordusunun Qutada kimyəvi silah tətbiq edildiyini bəyan etməsi və Suriyaya məhdud miqyasda hərbi zərbə endiriləcəyi barədə açıqlamasına münasibət bildirib. Suriya Xarici İşlər Nazirliyi Barak Obamanın kimyəvi silahın tətbiqi barədə bəyanatının əsassız olduğunu bildirib.