Britaniya polisi rusiyalı oliqarx Boris Berezovskinin ölümü ilə bağlı apardığı təhqiqatın ilkin nəticələrini açıqlayıb.
APA-nın xəbərinə görə, polisdən bildirilib ki, B. Berezovskinin ölümünə onun özü və meyiti aşkarlayan şəxsdən başqa hansısa kənar qüvvənin səbəb ola biləcəyinə dair heç bir dəlil aşkarlanmayıb.
B. Berezovskinin yanında çalışan (böyük ehtimalla onun cangüdəni olan) və meyiti aşkarlayan şəxs ifadəsində deyib ki, sonuncu dəfə iş adamını martın 22-də yerli vaxtla saat 22.30-da görüb. Martın 23-də o, Berezovskini uzun müddət evdə görmədiyini, bundan şübhələnərək vanna otağının qapısını sındırdığını və meyiti aşkarladığını, dərhal təcili yardım çağırdığını söyləyib. Hadisə yerinə gələn həkim ölüm faktını qeydə alıb.
Polis hazırda mərhumun son günlərinin mənzərəsini canlandırmağa çalışır və Berezovskinin doğmaları, yaxınları ilə söhbət aparır. Hələlik ölümlə bağlı heç bir versiya irəli sürülməyib.
Xatırladaq ki, B. Berezovski martın 23-də Berkşir qraflığında yerləşən malikanəsində keçinib.