Son zamanlar dünyanın iki diktatoru Stalin və Hitlerə rəğbət bəsləyənlərin sayı sanki artmış kimi görünür.
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, Avstriyada çıxan «Der Standard» qəzeti nin keçirdiyi sorğunun nəticələrinə əsasən, avstriyalıların 42 faizi «Hitlerin heç də pis adam olmadığını» ehtimal edir, 57 faiz isə əksinə, «Hitlerin dövründə yaxşı heç nə olmadığını» bildirib.
1938-ci ildə Hitler Almaniyası Avstriyanı işğal edərək, yəhudi əhalini soyqırıma məruz qoymuşdu.
Məlumatda bildirib ki, cəmiyyət hələ də bir məsələni müzakirə etməkdədir – avstriyalılar Hitlerin ilk qurbanı olub, yoxsa onunla könüllü əməkdaşlıq ediblər.
Mənbənin xatırlamasına əsasən, bu ilin yanvarında Avstriyada neonasist hərəkatının lideri faşizmi təbliğ edən sayt qurduğu üçün 9 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğunun nəticələri ölkədəki yəhudi icmasının da nahaq yerə rahatsız olmadığını təsdiqləyir. Onların liderləri hesab edir ki, Avstriyada antisemit təbliğat artmaqdadır.