İran prezidenti Həsən Ruhani dövlət televiziyasına ölkənin Qərblə apardığı nüvə danışıqları ilə bağlı açıqlama verib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Ruhani deyib ki, nüvə danışıqlarının müsbət nəticə verəcəyinə nikbin yanaşır: «5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) bizdən müzakirələrə başlamağı istəyib. Mən müzakirələr aparmaq məsuliyyətini Xarici İşlər Nazirliyinə tapşırmışam. Danışıqlar üçün zəmin yaratmışıq və dünya ilə ciddi müzakirələr aparmağa, bəşəriyyətin nigarançılığını ortadan qaldırmağa hazırıq.
Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qaydalarına uyğun olaraq öz hüququmuz əsasında hərəkət edirik. Hesab edirəm ki, heç kəs İran xalqını öz torpağında uranı zənginləşdirmək hüququndan məhrum edə bilməz. Əlbəttə, bu zənginləşdirmə sülh xarakteri daşıyır və agentliyin nəzarəti altında aparılır. Biz danışıqların aparılması və nəticə verməsi üçün müəyyən bir vaxt cədvəli təyin etmişik. Bu vaxtdan səmərəli faydalanmalıyıq. Ümid edirik ki, problemləri addımbaaddım ortadan qaldırıb çözə bilək.
Biz pessimist olmamalıyıq. Problemin həlli üçün kifayət qədər iradəmiz var. Əgər qarşı tərəf də ciddi iradə göstərsə, problemin həlli istiqamətində hərəkət edəcəyik. Danışıqların başlanğıcı Nyu-Yorkda olacaq. Xarici işlər naziri də məsələ ilə bağlı bir sıra görüşlər keçirəcək. Mən özüm də 5+1 qrupunun nümayəndələri ilə görüşüb müzakirələr aparacağam».