İsrail XİN-i Türkiyənin Qüdsdəki baş konsulu Hüsnü Gürcandan ölkəni tərk etməsini tələb edib. APA-nın xəbərinə görə, bu barədə “Jerusalem Post”a İsrail XİN-in nümayəndəsi bildirib.
“XİN baş konsula məsləhətləşmələr üçün müəyyən müddətə Türkiyəyə qayıtmağı təklif edib”, - deyə diplomat bildirib.
Bundan əvvəl Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı məsləhət görüb. Səfirə Qəzzada baş verən olaylarla bağlı Türkiyənin etirazı çatdırılıb.
Qeyd edək ki, Qəzzada baş verən olaylarla bağlı Türkiyənin İsraildəki səfiri Kemal Ökem də məsləhətləşmələr üçün Ankaraya çağırılıb. K. Ökem bu gün təyyarə ilə Ankaraya gəlib.
Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyi ötən gün Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 60 fələstinli ölüb, 2 min 770-dən çox fələstinli yaralanıb.