Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb.
Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlunu öldürməyə cəhd edib.
Hadisə 2012-ci ilin dekabrında baş verib. O zaman 5 yaşında olan Spenser və onun 8 yaşlı qardaşı Fletçer atalarının avtomobilində baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıblar. İndi 18 yaşında olan Spenser illər sonra həmin gün yaşadıqlarını danışıb.
“Atam dedi ki, avtomobildə piknik edəcəyik”
Paul Konnelli uşaqları məktəb və uşaq bağçasından götürərək ailənin Tasmaniyadakı evinə aparıb. Anaları Alisonun təxminən bir saat sonra uşaqları götürməyə gələcəyi gözlənilirmiş.
Ata oğullarına “avtomobildə piknik edəcəyik”, deyərək onları maşına mindirib. Uşaqlar yemək yeyərkən Konnelli evin altından bəzi əşyalar çıxararaq avtomobilin baqaj hissəsinə yerləşdirib və daha sonra sürücü oturacağına keçib.
Uşaqlardan biri həmin vaxt arxa oturacağın arxasından fışıltıya bənzər səs eşitdiyini bildirib. Aatasından səsin səbəbini soruşduqda, Paul bunun avtomobildən gələn adi bir səs olduğunu söyləyib.
Bir neçə dəqiqə sonra ata siqaret yandırmaq üçün alışqanı işə salıb. Bu zaman avtomobil qəfil güclü partlayışla alovlanıb.
Məhkəmədə məlum olub ki, ata avtomobilin içərisinə iki qaz balonu yerləşdirib və onların klapanlarını açıq qoyub. Daha sonra alışqanı yandıraraq partlayışa səbəb olub.
Ata həmin vaxt avtomobildən düşərək, uşaqları alovların içində tək buraxıb. Onlardan biri təhlükəsizlik kəmərini açaraq, avtomobildən düşsə də, qardaşının hələ də alovların içərisində çırpındığını görərək, geri qayıdıb.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları uşaqlara ilkin tibbi yardım göstərib. Qardaşlardan birinin bədəninin təxminən 30, digərinin isə isə 28 faizi yanıb.
Qardaşlar ilkin müalicə dövründə ümumilikdə 50 əməliyyat keçirib, onlara çoxsaylı dəri köçürmələri həyata keçirilib.
Ata 20 il həbs cəzası alıb.