Suriyada baş verənlər Misirlə bağlı məsələlərə bir qədər kölgə salıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Misirdə prezident devrilişinin ardınca ölkənin rəsmi KİV-də Fələstində fəaliyyət göstərən «HƏMAS»-ı suçlayan yazılar dərc edilib. Bu məqalə və xəbərlərə «HƏMAS»-dan verilən cavablar Fələstində qruplararası gərginliyə yol açıb.
FƏTH-in mətbuat bürosundan yayılan açıqlamaya əsasən, «HƏMAS»a aid «əl-Qüds» və «əl-Əksa» telekanalları «hər gün fərqli proqramlarla Misir xalqı və ordusuna yönəli təxribatçı yayımlar yaydığı» iddiasını irləi sürərək, qurumun bu verilişlərə son verməsini istəyib.
İttihamlara cavab olaraq, «HƏMAS» hələlik bir açıqlama verməyib.
İyulun 3-dəki prezident çevrilişindən sonra hərbçilər Misirlə Qəzza zolağı sərhədindəki tunelləri çeşidli basqılarla dağıdıb. Misirdəki KİV Sina başda olmaqla ölkədə son həftələrdə baş verən pozuculuq fəaliyyətin məsuliyyətini «HƏMAS»-ın daşıdığını iddia edir.