“Bu məsələ bir əsr davam etsə də, qapanmazdı...”
23 mart 2013 11:13 (UTC +04:00)

“Bu məsələ bir əsr davam etsə də, qapanmazdı...”

Türkiyə İsrail münasibətlərində “buz əridi”, Ərdoğan Qəzzaya gedir

 

İsrail 9 türkün öldürüldüyü “Mavi Mərmərə” olayı ilə bağlı Türkiyədən üzr istəyib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Təl-Əvivdə olan ABŞ prezidenti Barak Obama və İsrail baş naziri Binyamin Netenyahu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayıblar.

Telefon danışığı zamanı Binyamin Netenyahu İsrail xüsusi təyinatlılarının “Mavi Mərmərə” gəmisinə basqını ilə bağlı iki dövlətin münasibətlərinin pozulmasından üzgün olduğunu, basqın zamanı həyatını itirənlərin ailələrinə təzminat ödəməyi qəbul etdiklərini bildirib. ABŞ rəsmiləri Fələstindəki humanitar vəziyyətin yaxşılaşması üçün Türkiyə və İsrailin birlikdə çalışmaq məsələsində eyni fikirdə olduqlarını da açıqlayıblar. Tərəflər Türkiyə səfirinin Təl-Əvivə, İsrail səfirinin Ankaraya qayıtması barədə də razılığa gəliblər. Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrail əsgərlərinə qarşı açılan məhkəmə iddialarından da geri çəkiləcəyinə söz verib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin üzr istəməsi ilə bağlı Ankaranın irəli sürdüyü bütün şərtləri qəbul etdiyini söyləyib. O, bu üzrün 3 il davam edən müzakirələrin nəticəsi olduğunu qeyd edib. Əhməd Davudoğlu son dönəmdə ABŞ dövlət katibi Con Kerri ilə bu məsələ ilə bağlı dəfələrlə müzakirə aparıldığını da açıqlayıb: “Əgər İsrail üzr istəməsəydi,  bu məsələ bir əsr davam etsə də, qapanmazdı. İsrail artıq bu cür hərəkətlər edərkən daha diqqətli olacaq”.

BMT baş katibi Pan Gi Mun da Türkiyə və İsrail münasibətlərinin normallaşmasına münasibət bildirib. O deyib ki, bu addım regionda sabitliyin bərqərar olması üçün çox vacibdir.

İsrailin Türkiyədən üzr istəməsi Fələstində sevinclə qarşılanıb. Fələstin baş naziri İsmayıl Haniyə Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Qəzzaya səfər edəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

Oxşar yazılar