Tailandda polis əməkdaşları narkotik satıcısını saxlamaq üçün rəqqasə qiyafəsinə giriblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Tailandın Lopburi vilayətinin Tha Luang şəhərində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları narkotik satışı və internet üzərindən qanunsuz qumar oyunlarının təşkili şübhəsi ilə bir kişini saxlayıblar. Bunun üçün altı polis əməkdaşı (onlardan beşi kişi olub) küçə festivalında çıxış edən rəqqaslar kimi geyinib. Yerli medianın yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini bayram zamanı birbaşa mühasirəyə alıblar.
Kişinin üzərindən 53 ədəd metamfetamin həbi, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün 200-dən çox plastik paket aşkar edilib. O, saxlanılaraq nəzarətə götürülüb.
Bu, Tailand polisinin cinayətkarları bu cür üsulla saxlamasının ilk halı deyil. Daha əvvəl Banqkokda Yeni il bayramı zamanı bir neçə polis əməkdaşı oğurluqda şübhəli bilinən şəxsi saxlamaq üçün nəhəng şir kostyumu geyinmişdi.