Hindistanda koronavirusun yeni növü aşkar olundu
21 iyun 2021 03:39 (UTC +04:00)

Hindistanda koronavirusun yeni növü aşkar olundu

Hindistanın Maharaştra ştatında koronavirusun “delta plus” (B.1.617.2.1) adlanan yeni ştammına yoluxma faktı qeydə alınıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, B.1.617 koronavirus ştammı Hindistanda 5 oktyabr 2020-ci ildə Maharaştra əyalətində aşkar edilib və bu yaxınlarda ölkənin bir çox yerində rast gəlinib. Hindistan həkimləri bu ştammın Hindistanda koronavirusun ikinci dalğasının səbəblərindən biri ola biləcəyini düşünürlər.

Buna qədər bu ştammın üç alt növü – B.1.617.1, B.1.617.2 və B.1.617.3 – aşkar edilmişdi, yeni ştamm isə K417N mutasiyasının olması ilə fərqlənir ki, bu da xəstələnib sağalmış və peyvənd olunmuş insanlarda zərdab və antikorların aktivliyini azalda bilər. Hindistan həkimləri qeyd edir ki, bu ştamm ilk dəfə bu ilin martında Avropada aşkar edilib.

“Biz “delta plus”u Navi-Mumbayda, Palqarda və Ratnaqiridə aşkarladıq. Bundan sonra analiz üçün bir neçə nümunə də göndərdik və cavabını gözləyirik”, - deyə “India TV” telekanalına müsahibəsində həkim, Tibbi Təhsil və Araşdırmalar İdarəsinin rəhbəri T.P.Lahan bildirib.

Ratnaqiri liman şəhərində yeni ştamma 5 yoluxma faktı qeydə alınıb, yoluxmuş şəxslərdən ikisində hər hansı simptom müşahidə olunmayıb. Koronavirusun yeni bir variantının tapıldığı yerlərdə virusun yayılmasının qarşısını almaq üçün rəsmi qurumlar mühafizə zonaları yaradaraq, həmin sahələri möhürləyiblər.

# 1590
avatar

Oxşar yazılar