Bu günlərdə bir çox insan eyni sualı verir: niyə telefonda göstərilən temperatur, avtomobilin göstəricisi və evdəki termometr bir-birindən fərqlənir? Bu məsələyə aydınlıq gətirən meteoroloq bildirib ki, səbəb sinoptiklərin səhvi deyil, temperaturun ölçülmə üsullarındakı fərqlərdir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın bütün meteoroloji stansiyalarında hava temperaturu eyni standartlara əsasən ölçülür. İstər London, istər Tokio, istərsə də Çerkası olsun, qaydalar dəyişmir.
Peşəkar ölçmə zamanı aşağıdakı qaydalara əməl edilir:
• Termometr yerdən dəqiq 2 metr hündürlükdə yerləşdirilir.
• Cihaz ağ rəngli, havanın sərbəst keçməsinə imkan verən xüsusi meteoroloji kabinədə saxlanılır. Bu kabinə termometri birbaşa Günəş şüalarından qoruyur.
• Bütün cihazlar mütəmadi olaraq yoxlanılır və kalibrlənir.
• Müasir meteoroloji stansiyalarda artıq yüksək dəqiqlikli avtomatik VAISALA sistemləri istifadə olunur. Bu avadanlıqlar real vaxt rejimində dəqiq məlumat toplayır və uzunmüddətli iqlim dəyişikliklərini izləməyə imkan verir.

Telefon və avtomobil niyə fərqli temperatur göstərir?
Smartfonlar
Mobil telefonlarda ətraf havanın temperaturunu ölçən xüsusi sensor yoxdur. Onlar məlumatı internet üzərindən ən yaxın meteoroloji stansiyadan və ya hava proqnozu modellərindən alırlar. Məlumatlar bəzən bir neçə saat gec yeniləndiyi üçün ekranda görünən temperatur həmin an yaşadığınız əraziyə uyğun olmaya bilər.

Avtomobillər
Avtomobillərdə temperatur sensoru adətən bamperin və ya yan güzgünün yaxınlığında yerləşir. Şəhər daxilində hərəkət edərkən qızmış asfalt, digər avtomobillərin mühərrikləri və öz avtomobilinizdən gələn istilik sensora təsir edir. Buna görə də göstərici real temperaturdan bir neçə dərəcə yüksək ola bilər.
Ən düzgün nəticə avtomobil uzun müddət açıq magistral yolda hərəkət edərkən əldə edilir.
Ev termometrini necə düzgün quraşdırmaq lazımdır?
Meteoroloqun sözlərinə görə, ev termometrinin daha dəqiq nəticə göstərməsi üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:
• Termometri evin şimal və ya şimal-qərb tərəfində, kölgədə yerləşdirin.
• Onu divara sıx bərkitməyin. Divardan təxminən 15–20 santimetr aralıda xüsusi kronşteyn üzərində quraşdırın.
• Pəncərə, mətbəx ventilyasiyası, kondisioner və digər istilik mənbələrindən uzaqda saxlayın.
• Mümkünsə, termometri Günəş şüalarından qoruyan kiçik örtüklə təmin edin.
