Yaponiyada ata yorulan 7 yaşlı oğlunu Fudzi dağında tək qoyaraq böyük övladı ilə zirvəyə doğru qalxıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dağ əməkdaşları uşağı 2000 metrdən çox yüksəklikdə görüblər.
Oğlan skamyada tək oturubmuş. Əməkdaş onu təhlükəsiz yerə apararaq polisə məlumat verib.
Araşdırma zamanı məlum olub ki, ailəvi yürüş zamanı 7 yaşlı uşaq atasına yorulduğunu və daha irəli gedə bilməyəcəyini deyib. Ata ona yemək və içki verərək həmin yerdə gözləməyi tapşırıb, özü isə böyük oğlu ilə yürüşü davam etdirib.
Polis ata ilə əlaqə saxlayanda o, artıq üç saatlıq piyada məsafə qət etmişdi. Polis kişidən dərhal geri qayıtmağı tələb edib. Onun uşağın yanına qayıtması ümumilikdə təxminən 8 saat çəkib.
Ailə yenidən bir araya gəldikdən sonra kişiyə rəsmi xəbərdarlıq edilib. Polis bildirib ki, yürüşdən imtina etmək lazım gəlsə belə, uşağı dağda tək qoymaq yolverilməzdir.